Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Zəfər tariximiz” adlı onlayn respublika intellektual yarışmasına start verildi.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, yarışma noyabrın 23-dən dekabrın 20-dək davam edəcək.
İntellektual yarışmanın keçirilməsində məqsəd gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini təbliğ etmək, uşaq və gənclərin intellektual qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil edilən yarışma Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında 3 mərhələ və 11-13 yaş üzrə keçirilir:
I mərhələ: noyabr 23-ü dekabrın 1-i.
Qeydiyyat üçün uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçıları haqqında olan ümumi məlumatın 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına (ugim-2@mk.edu.az) göndərilməsi;
II mərhələ: dekabrın 1-15-i. 3 nəfər olmaqla komandalara bölünən iştirakçıların təyin olunmuş vaxtlarda ZOOM proqramı vasitəsilə yarışı;
III mərhələ: dekabrın 15-20-i. İntellektual yarışmanın qaliblərinin münsiflər heyəti tərəfindən seçilməsi.
Yarışmanın qalibləri Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar.